Bakı Apelyasiya Məhkəməsində qəsdən adam öldürməkdə təqsirli bilinən 17 yaşlı Elməddin Dünyamalıyevin barəsində verilən hökmdən Baş Prokurorluğun protestinə baxılıb. Lent.az-ın məlumatına görə, hakim Qədim Babayevin sədrliyi ilə keçirilən prosesdə Bakı Ağır Cinayətlər Məhkəməsinin verdiyi qərar dəyişdirilib. Baş Prokurorluq və zərərçəkmiş tərəfin şikayəti qismən təmin edilib. Məhkəmə Elməddin Dünyamalıyevin cəzasını 7 ildən 9 ilədək artırıb.
Qeyd edək ki, 2012-ci il sentyabrın 11-də Xətai rayonu İnqilab İsmayılov küçəsi 11 ünvanında ünvanıda fəaliyyət göstərən tikinti materialları mağazasına gələn iki müştəri mağazanın satıcısı, 17 yaşlı Elməddin Dünyamalıyevlə mübahisə edib. Mübahisə zəminində E.Dünyamalıyev müştəri, 27 yaşlı Elməddin Məmmədovu bıçaqlayaraq qətlə yetirib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə E.Dünyamalıyev 7 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Baş Prokurorluq və zərərçəkmiş tərəf apelyasiya şikayəti verilib.