Martın 5-də gecədən başlayaraq Talış dağlarına güclü qar yağıb. APA-nın cənub bürosunun məlumatına görə, Lerik və Yardımlı rayonlarının mərkəzində qarın hündürlüyü 30-35, ucqar ərazilərdə isə 40-50 sm-ə çatıb. Qarın ağırlığına tab gətirməyən xeyli sayda elektrik dirəyi aşıb, naqillər qırılıb. Nəticədə Lerikin 20, Yardımlının isə 15-ə yaxın yaşayış məntəqəsinə elektrik enerjisinin nəqli dayandırılıb. Hazırda hər iki rayonun elektrik şəbəkələrinin əməkdaşları yaşayış məntəqələrinin enerji ilə təmin edilməsi istiqamətində iş aparırlar.
Güclü qar Lənkəran-Lerik şose yolunda günorta saatlarında bir neçə yerdə uçqunlara da səbəb olub. Ən ciddi problem yolun 17-ci kilometrliyində yaranıb. Belə ki, burada iri qaya parçasının yola düşməsi nəticəsində magistralda nəqliyyatın intensiv hərəkətində çətinliklər yaşanıb. 43 saylı Lerik Rayon Yol İstismar Sahəsinin qəza briqadası torpaq və qaya parçalarını yoldan təmizləməklə yolda nəqliyyatın hərəkətini bərpa edib.