Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində xuliqanlıq və sağlamlığa ağır xəsarət yetirməkdə ittiham olunan Ağsu rayon sakini Taleh Məmişovun cinayət işi üzrə məhkəmə başa çatıb. Lent.az-ın məlumatına görə, Taleh Məmişov Cinayət Məcəlləsinin 126.1-ci (sağlamlığa ağır xəsarət yetirmə) və 221.1-ci (xuliqanlıq) maddələri ilə ittiham edilib. Hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Taleh Məmişov 4 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Taleh Məmişov bu ilin iyunun 6-da Nəsimi rayonu, A.Məhərrəmov küçəsində Bakı şəhər sakini Həbib Məmmədovu bıçaqlayıb. Həbib Məmmədova vaxtında tibbi yardım göstərildiyi üçün həyatını xilas etmək mümkün olub. Cinayəti törədən Ağsu rayon sakini Taleh Məmişov Nəsimi rayon mühafizə idarəsinin əməkdaşları tərəfindən tutulub və sonrakı araşdırmalar aparılması üçün aidiyyəti üzrə təhvil verilib.