Ukraynanın Berdıçev şəhərində Kliçko qardaşlarının şərəfinə gənclər arasında ənənəvi boks turnirinə yekun vurulub. Lent.az-ın məlumatına görə, sayca 14-cü dəfə keçirilən yarışda Azərbaycan milli komandası 1 gümüş və 4 bürünc medalın sahibi olub.
91 kq çəki dərəcəsində mübarizə aparan Sadıq Səmədov finala vəsiqə qazansa da, zədələndiyindən Qazaxıstan təmsilçisi Maqzan Bazarbaya qarşı döyüşə bilməyib. 81 kq çəkidə hər iki bürünc medal Azərbaycana gəlib. Rahil Məmmədli və Emil Mövsümzadə turniri 3-cü yerdə başa vurublar. Hidayət Musayev də (69 kq) bürünc medalla kifayətlənməli olub. Superağır çəkidə gücünü sınayan Məhəmmədəli Tahirov da yarımfinalda uduzaraq, 3-cü yeri tutub.
Qeyd edək ki, millimiz ümumi komanda hesabında 6-cı yeri tutub. Ukrayna 1-ci, ABŞ komandası isə 2-ci nəticə göstərib.