Azərbaycanın fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun rəhbərlik etdiyi nazirliyin nümayəndə heyəti mayın 19-da Koreya Respublikasında səfərdə olub. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, səfər zamanı Azərbaycan FHN-lə Koreya Respublikasının Milli Fövqəladə Halların İdarəedilməsi Agentliyi arasında fövqəladə halların idarə olunması sahəsində mövcud əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi, təbii və texnogen xarakterli fövqəladə hallara hazırlıq və fəlakətlərə daha effektiv cavabvermə üzrə hər iki ölkənin əldə etdiyi təcrübədən birgə yararlanmaq perspektivləri üzrə qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.
Səfər çərçivəsində Seul şəhərində 16 aprel 2014-cü il tarixində “Sevol” gəmisinin batması nəticəsində həyatlarını itirmiş insanların xatirəsinə ayrılmış məkan ziyarət edilib, gül dəstələri qoyulub.
Daha sonra Azərbaycan FHN və Koreya Respublikasının Milli Fövqəladə Halların İdarəedilməsi Agentliyinin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibli görüş keçirilib.
Görüş zamanı müvafiq dövlət qurumları arasında mövcud əlaqələrin inkişaf etdirilməsi, gələcək əməkdaşlıq perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.