Millət vəkili Elton Məmmədov oğlu Aynar Məmmədovun adı hallanan növbəti qalmaqaldan danışıb. O, AzNews.az-a açıqlamasında yayılan bu məlumatı növbəti iftira adlandırıb: “Artıq mən bu cür iftiralardan bezmişəm və hesab edirəm ki, belə məlumatlara münasibət bildirməyə dəyməz. Oğlumun kimlə şəkilinin olması ilə belə bir qənaəti taraşlamaq heç bir əxlaqa sığmır”.
***
Millət vəkili, Azərbaycan Kikboksinq Federasiyasının prezidenti Adil Əliyev jurnalist Fərahim İlqaroğlunun döyülməsi ilə bağlı xəbərlərdə adının hallandırılmasına münasibət bildirib.
Adil Əliyev Lent.az-a açıqlamasında bildirib ki, "Yeni Müsavat"ın əməkdaşı Fərahim İlqaroğlunun döyülməsini sifariş vermiş Tural Bayramovu tanımır: "Federasiyaya on minlərlə adam gəlib-gedir. Hamısının nə işlə məşğul olmasına mən cavabdeh deyiləm".
Qeyd edək ki, məlumatlarda T.Bayramovun bir müddət Adil Əliyevin ətrafında olması və daha sonra ondan uzaqlaşması qeyd edilir.
*****
13:00
“Yeni Müsavat”ın reportyoru Fərahim İlqaroğlunu döyən şəxsin tapılması ilə cinayətin üstü açılmağa başlayıb. Musavat.com-un əldə etdiyi məlumata görə, artıq jurnalistin döyülməsinə iştirak edən Orxan adlı ikinci şəxs də saxlanılıb. Saxlanılanlar Fərahim İlqaroğlunu döymək sifarişini Tural Bayramov adlı şəxsdən aldıqlarını etiraf ediblər.
Tural Bayramovun özü ilə bağlı kifayət qədər maraqlı məlumatlar var. O, K-1 döyüş növü üzrə tanınmış idmançıdır. 72 kiloqram çəki dərəcəsində çıxış edən Tural Bayramov dəfələrlə beynəlxalq yarışlara qatılıb.
Peşəkar döyüşçü vaxtilə Azərbaycan Kikboksinq Federasiyasının prezidenti, millət vəkili Adil Əliyevin ətrafında olub. Daha sonra Tural Bayramovun Adil Əliyevdən ayrıldığı və nəqliyyat naziri Ziya Məmmədovun qardaşı oğlu Aynar Məmmədovla dostluq eləməyə başladığı bildirilir. Onların birlikdə fotosu da var.
Lent. az-ın məlumatına görə, artıq polis T. Bayramovun saxlanılması istiqamətində işə başlayıb.