İstefada olan general vəfat edib
10 may 2014 16:45 (UTC +04:00)

İstefada olan general vəfat edib

İstefada olan tibb xidməti general-mayoru Dağlar Abdullayev 76 yaşında vəfat edib. Müdafiə nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə mərhumla vida mərasimi bu gün saat 14.30-dan 15.30-dək Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində keçiriləcək. Dağlar Abdullayev II Şəhidlər Xiyabanında dəfn olunacaq.

 

Müdafiə Nazirliyi rəhbərliyi Dağlar Məmməd oğlu Abdullayevin vəfatı ilə bağlı nekroloq yayıb.

Nekroloqda qeyd olunub ki, Dağlar Abdullayev 1938-ci il avqustun 15-də Ağdaş rayonunda anadan olub. Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutuna (indiki Azərbaycan Dövlət Tibb Universiteti) daxil olan D.Abdullayev 1960-cı ildə həmin institutu “həkim-stomotoloq” ixtisası üzrə bitirib.

 

1961-ci ildə kadr kimi Silahlı Qüvvələrə çağırılaraq, Cənub Qrupu Qoşunları komandanının sərəncamına göndərilib. 1965-ci ilədək Cənub Qoşun Qrupu qvardiya tank diviziyasında “həkim-stomotoloq” kimi xidmət edən D.Abdullayev sonralar Zaqafqaziya Hərbi Dairəsi motoatıcı diviziyasında xidmətini davam etdirib. 1968-ci ildən isə alayın tibb məntəqəsinin rəisi, baş həkimi, tibb xidməti rəisi vəzifələrində xidmət edib.
 

1978-1983-cü illərdə Cənub Qoşun Qrupu əlahiddə tibb-sanitar taborunun komandiri və hərbi hospitalın rəisi olub.
 

1983-cü ildə SSRİ Müdafiə nazirinin əmri ilə xidmətini davam etdirmək üçün yenidən Zaqafqaziya Hərbi Dairəsi komandanının sərəncamına göndərilib və Zaqafqaziya Hərbi Dairəsi hospitalının rəisi təyin edilib.
 

1985-ci ildə Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu Hərbi kafedrasının tədris hissə üzrə rəisi təyin edilib.
 

1992-ci ildən Azərbaycan Respublikası Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə çağırılıb və Müdafiə Nazirliyi Arxa Cəbhə İdarəsi hərbi-tibb şöbəsinin rəisi, 1993-cü ildən idarə rəisi, Silahlı Qüvvələrin Tibb xidməti rəisi vəzifələrində xidmət edib.
 

2009-cu ildən Müdafiə nazirinin məsləhətçisi, müşavirlər qrupunun müşaviri, inspektorlar qrupunun müşaviri vəzifələrində xidmətini davam etdirib.
 

2014-cü il mart ayının 7-də Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən istefaya buraxılıb.
D.Abdullayevə Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə 08 oktyabr 1994-cü ildə “tibb xidməti general-mayoru” ali hərbi rütbəsi verilib. Onun Vətən qarşısındakı xidmətləri yüksək qiymətləndirilərək 2006-cı ildə “Azərbaycan Respublikasının Əməkdar həkimi” fəxri adına layiq görülüb və bir sıra medallarla təltif olunub.
 

 

Allah rəhmət eləsin!

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2956
avatar

Oxşar yazılar