Bu gün Bakı Ağır Cinayətlər məhkəməsində “Nida” Vətəndaş Hərəkatının 8 üzvünə qarşı başlanmış cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Lent.az-ın müxbirinin verdiyi məlumata görə, iclas başlar-başlamaz hakim Cavid Hüseynov “Müsavat” başqanı İsa Qəmbərin məhkəmə zalını tərk etməsini tələb edib. O bildirib ki, İsa Qəmbər qaydaları pozduğu üçün zalı tərk etməlidir. İsa Qəmbər isə hakimdən hansı qaydanı pozduğunu deyib. Hakim isə deyib ki, o bunu açıqlamaq məcburiyyətində deyil. Ardınca İsa Qəmbər ilə hakim arasında polemika yaşanıb. İsa Qəmbər deyib ki, hakim onun sözlərinə iki həftə sonra cavab vermişdi: ”Burdan görünür ki, siz mənim o sözlərimdən sonra həftələrlə evə gedərkən vicdan əzabı çəkmisiz. Ona görə də bu cür əsassız tələb irəli sürürsünüz”.
Ardınca zalda məhkəmə iştirakçıları İsa Qəmbəri alqışlayıb. Sonra İsa Qəmbər məhkəməni tərk edib. İsa Qəmbərin çıxmasının ardınca təqsirləndirilən şəxslər məhkəməyə arxalarını çeviriblər. Bundan sonra Müsavat partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı ilə də hakim arasında polemika yaşanıb. Arif Hacılı hakimə deyib ki, təqsirləndirilən gənclərin hamısı hakimdən daha ləyaqətli adamlardır. Hakim nəzarətçilərdən Arif Hacılını da zaldan çıxarmağı tələb edib. Arif Hacılı da zaldan ancaq öz istəyi ilə çıxa biləcəyini deyib və çıxıb.
Hakimin 5 dəqiqəlik qısa fasiləsindən sonra təqsirləndirilən şəxslərdən Məmməd Əzizovun ibtidai istintaqa verdiyi ifadələr elan edildi. İfadə elan edilərkən təqsirləndirilən şəxslər məhkəməyə arxalarını çevirməyə davam edirdilər. Vəkil Rəşid Hacılının müdaxiləsindən sonra “Nida”çı gənclər aksiyanı dayandırdıqlarını bildirdilər. Məhkəmə davam edir.