Azərbaycan sərhədçiləri İrandan qanunsuz yolla ölkəyə 58 kiloqrama yaxın narkotik vasitənin gətirilməsinin qarşısını alıblar.
Bu barədə APA-ya Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat mərkəzindən məlumat verilib.
Aprelin 12-də gecə saat 00:10 radələrində Horadiz Sərhəd Dəstəsinin Fizuli rayonunun Əhmədalılar kəndində yerləşən sərhəd zastavasının xidməti ərazisində həyata keçirilən əməliyyat tədbirləri nəticəsində dövlət sərhədindən qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycan istiqamətində külli miqdarda narkotik vasitələri keçirməyə cəhd edən naməlum şəxs ərazidə xidmət aparan DSX-nin hərbi qulluqçuları tərəfindən aşkar edilib. Onun Azərbaycan ərazisinə daxil olmasının qarşısı alınıb, nəticədə sərhəd pozucusu geri qaçmağa məcbur olub. Sərhəd pozucusunun hərəkət marşrutu üzrə ərazidə axtarış tədbirləri keçirilib və 3 kiloqrama yaxın tiryək aşkar edilərək götürülüb.
Bundan başqa, aprelin 15-də saat 22:15–də Göytəpə Sərhəd Dəstəsinin Cəlilabad rayonunun Sərxanlı kəndində yerləşən sərhəd zastavasının xidməti ərazisində həyata keçirilən əməliyyat tədbirləri nəticəsində qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana külli miqdarda narkotik vasitələri keçirməyə cəhd edən 3 nəfərdən ibarət dəstə ərazidə xidmət aparan DSX hərbi qulluqçuları tərəfindən aşkarlanıb. Sərhəd pozucuları DSX əməkdaşlarının müqaviməti ilə rastlaşıb geri qaçmağa məcbur olublar. Keçirilmiş axtarış tədbirləri nəticəsində ərazidə 9,1 kq heroin, 14 kq tiryək, 22,9 kq həşiş qətranı, 8,7 kq qurudulmuş marixuana, 120 qram kristal formasında heroin və 300 ml qabda metodon məhlulu aşkar edilərək götürülüb.
Hər iki faktla bağlı DSX-nin İstintaq və Təhqiqat İdarəsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318, 206, 234-cü maddələri ilə cinayət işləri başlanılıb.
Hazırda həmin cinayət işləri üzrə cinayətin iştirakçılarının müəyyən edilərək məsuliyyətə cəlb olunması məqsədilə zəruri əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir.