İranda “Facebook” və “Twitter” sosial şəbəkələrinə girişi yenidən bağlayıb.
Lent.az-ın “Associated Press” agentliyinə istinadən verdiyi məlumata görə, İranın internetə nəzarət üzrə idarəsinin təmsilçisi Əbdülsəməd Xoramabadi bu gün jurnalistlərə açıqlamasında deyib ki, ötən gecə “Facebook” və “Twitter” sosial şəbəkələrinə girişin bağlanması sahəsində texniki problem yaranıb.
Əbdülsəməd Xoramabadi texniki problemin qısa müddətdə aradan qaldırıldığını və ölkədə bu sosial şəbəkələrə girişin yenidən bağlandığını söyləyib.
Qeyd edək ki, sentyabrın 16-dan 17-nə keçən gecə 4 il ərzində ilk dəfə İranda “Facebook” və “Twitter” sosial şəbəkələrinə giriş açılıb. Bu sosial şəbəkələrə giriş 2009-cu il prezident seçkiləri dönəmində bağlanıb. Bundan öncə İran prezidenti Həsən Ruhani ölkədə internetlə bağlı senzuranı yüngülləşdirəcəyini bəyan etməsi fonunda dünyanın aparıcı KİV-ləri bunu İran hakimiyyətinin “Facebook” və “Twitter” sosial şəbəkələrinə girişi açması hesab edib, bu barədə xəbər yayıb. Hətta iranlı istifadəçilər bununla bağlı İran prezidenti Həsən Ruhaniyə təşəkkür də edib.
Xatırladaq ki, İranda 17 milyon “Facebook” istifadəçisi var.