Bakı Ağır Cinayətlər Məhkəməsində həbsdə olan vəkil İntiqam Əliyevin barəsində olan cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib. Lent.az-ın məlumatına görə, hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkilləri vəsatətlə çıxış ediblər. Onların vəsatəti həbs qəti imkan tədbirinin ləğv edilməsi, İntiqam Əliyevin ev dustaqlığına buraxılması, cinayət işinə xitam verilməsi, təqsirləndirilən şəxsin vəkillərinin yanında əyləşməsindən ibarət olub. Hakimlər vəsatətləri təmin etməyib.
Bundan sonra çıxış edən İntiqam Əliyev hakimlər kollegiyasından vəkillərin yanında əyləşməyi xahiş edib. Sonra o, məhkumları daşıyan avtomobillərdəki pis şəraitdən danışıb.
Məhkəmə prosesi fevralın 3-də davam etdiriləcək.
Qeyd edək ki, İ. Əliyev Cinayət Məcəlləsinin 213.1-ci (vergidən yayınma), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) , 192.2-ci (qanunsuz sahibkarlıq) və 179.3.2-ci (mənimsəmə və ya israf etmə) maddələri ilə təqsirli bilinir.