İntihar baş verən məktəbin direktoruna qarşı 100 min manatlıq mülki iddia qaldırıldı
Ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmaqda təqsirləndirilən 162 nömrəli tam orta məktəbin keçmiş direktoru Sevinc Abbasovanın cinayət işi üzrə məhkəməsi başlayıb.
APA-nın məlumatına görə, Səbail Rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Zərərçəkən Elina Hacıyevanın nümayəndələri vəsatət verərək istintaqın gedişində kobud qanun pozuntularına yol verildiyi üçün işin yenidə istintaqa qaytarılmasını istəyiblər. Onlar bildiriblər ki, istintaqda Elinanı müayinə edən həkimlər barəsində heç bir araşdırma aparılmayıb. Hakim vəsatəti təmin etməyib.
Vəkillər daha sonra direktor barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirinin dəyişdirilərək həbslə əvəz olunması ilə bağlı vəsatət qaldırıblar. Məhkəmə bu vəsatəti də təmin etməyib.
Daha sonra Elina Hacıyevanın nümayəndələri dəymiş mənəvi zərərə görə, həm Təhsil Nazirliyi, həm də S.Abbasovaya qarşı 100 min manatlıq mülki iddia qaldırıb. Vəsatət məhkəmənin icraatına qəbul edilib.
Məhkəmə baxışı sentyabrın 18-ə təyin edilib.
10:21
Ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmaqda təqsirləndirilən 162 nömrəli tam orta məktəbin keçmiş direktoru Sevinc Abbasovanın cinayət işi üzrə məhkəmə başlayıb.
APA-nın məlumatına görə, Səbail Rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesə jurnalistlər və ictimaiyyət nümayəndələri buraxılmayıb.
Qeyd edək ki, Bakı şəhəri Səbail rayonu 162 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdi, 2004-cü il təvəllüdlü Elina Hacıyevanın təhsil aldığı məktəbin üçüncü mərtəbəsindən özünü ataraq intihar etməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə Bakı şəhər prokurorluğunda başlanmış cinayət işi üzrə məktəbin direktoru Sevinc Abbasova Cinayət Məcəlləsinin 143 (təhlükədə qoyma) və 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunub və məhkəmənin qərarı ilə barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.
1088