“İsmayıllıda sakinlərin aksiyası artıq başa çatıb”. Bunu APA-ya eksklüziv açıqlamasında İsmayıllı rayon Polis Şöbəsinin rəisi Nizami Qocayev bildirib
Polis rəisi bildirib ki, etiraza İsmayıllı rayonundakı “Çıraq” otelinin sahibi Şahmərdanov Emil Məhərrəm oğlunun avtomobili sərxoş vəziyyətdə idarə edərək, avtoxuliqanlıq törətməsi səbəb olub: “ Onun maşını elektrik dirəyinə vurması qəzanın baş verdiyi ərazidə yaşayan sakinlərin etirazına səbəb olub. Sakinlər ona etirazlarını bildiriblər. “Çıraq” otelinin sahibi isə buna əks reaksiya verib. İnsident böyüyüb, sakinlər onun sahibi olduğu oteli və maşınını yandırıblar. Daha sonra isə onlar icra başçısının evinə yürüş ediblər. İcra başçısının evinin yandırılmasının qarşısı alınıb. Lakin həyətdə kiçik bir yanğın törədilib”.
Polis rəisi bildirib ki, sakinlərlə aparılan təbliğat işi nəticəsində onlar aksiyanı dayandıraraq, dağılışıblar: “ Bu konkret insidentə olan etirazdır”.
N. Qocayevin sözlərinə görə, hadisə nəticəsində bir polis və bir yerli sakin yaralanıb: “Polis nəfəri etirazçıların atdığı daşla başından xəsarət alıb”.
Polis rəisi onu da bildirib ki, artıq Emil Şahmərdanov və insident zamanı onunla birgə olmuş şəxs saxlanılıb.
N. Qocayev hadisədə əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərovun oğlunun adının hallandırılmasının yanlış olduğunu bildirib: “Füzuli Ələkbərovun oğlu nəinki həmin hadisə zamanı, ümumiyyətlə, bu gün rayonda olmayıb. Onun adının bu hadisədə hallandırılması doğru deyil”.
Polis rəisi faktla bağlı araşdırma başlandığını da deyib.