Həbsdə olan sabiq deputat Hüseyn Abdullayevin anası Zeynəb Abdullayeva Prezident İlham Əliyevə müraciət ünvanlayıb.
Lent.az-ın məlumatına görə, Z. Abdullayeva müraciətində bildirib ki, oğlu Hüseyn Abdullayev həmişə Heydər Əliyev və İlham Əliyevin yanında olub: “Biz ailəliklə mərhum prezidentimiz Heydər Əliyevin və sizin siyasətinizi dəstəkləmişik. Sizin ailənizə və Azərbaycan dövlətinə sadiq olmuşuq və olacağıq”.
Sabiq deputatın anası müraciətində qeyd edib ki, Novruz bayramı ilə əlaqədar oğlu barəsində olan həbs-qətimkan tədbirinin dəyişdiriləcəyinə ümid edir: “Sizin hər zaman yüksək humanizm prinsiplərinə sadiqliyiniz və bu istiqamətdə davamlı addımlar atmağınız mənə ümid verir ki, Novruz bayramı ərəfəsində oğlum Hüseyn Abdullayev barəsində bu iradənizi nümayiş etdirəcək və oğlumun səhhətində yaranan problemləri, mənim bir ana kimi təkrarən müraciətimi nəzərə alıb onun barəsindəki həbs qətimkan tədbirinin dəyişdirilməsinə göstəriş verəcəksiniz”.
Zeynəb Abdullayeva oğlu ilə bağlı Prezident İlham Əliyevdən xahiş edib: “Xahiş edirəm ki, sizə və ailənizə daimi hörməti və ehtiramı olan yaşlı bir ananı gözü yaşlı qoymayasınız. Sizi hər zaman dəstəkləyirik və dualarımız sizinlədir”.