Azərbaycan Hərbi Prokurorluğu beynəlxalq axtarışa verilən müdafiə nazirinin keçmiş müavini, sabiq hərbi hissə komandiri İsa Sadıqovla bağlı məsələyə aydınlıq gətirib.
Qurumun mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, Azərbaycan Ordusunun ehtiyatda olan polkovniki, Azərbaycan Respublikası Ali Məhkəməsi Hərbi Kollegiyasının 23 yanvar 1996-cı il tarixli hökmü ilə 01 sentyabr 2000-ci il tarixədək qüvvədə olmuş Azərbaycan Cinayət Məcəlləsinin 244-cü maddəsinin “A” bəndi ilə təqsirli bilinərək 3 il müddətinə azadlıqdan məhrum edilmiş Sadıqov İsa Nəzər oğlunun Cinayət Məcəlləsinin 341.3-cü (hakimiyyətdən sui-istifadə etmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin ibtidai araşdırması aparılır.
Bununla əlaqədar 25 fevral 1993-cü il tarixdə Qazax Qarnizonu Hərbi Prokurorluğu tərəfindən faktı üzrə 01 sentyabr 2000-ci il tarixinədək qüvvədə olmuş Cinayət Məcəlləsinin 255-ci maddəsinin “V” bəndi ilə cinayət işi başlanıb və istintaq aparılıb. 14 aprel 2012-ci il tarixdə cinayət işi üzrə icraatın dayandırılması haqqında 01 dekabr 2001-ci il tarixli qərar təzələnib və Cinayət Məcəlləsinin 341.3-cü maddəsinə tövsif edilib.
Hazırda həmin cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.