Azərbaycan Silahlı Qüvvələrinin sülhməramlı taborunun 33 hərbçisi bu gün Əfqanıstana yola salınıb.
Bu barədə APA-ya Müdafiə Nazirliyindən məlumat verilib.
Hərbçilər rotasiya əsasında 2014-cü ilin aprel ayınadək Əfqanıstanda Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrinin (İSAF) tərkibində xidmət edəcəklər.
Qeyd edək ki, Əfqanıstandakı sülhməramlı kontingentin şəxsi heyəti 6 aydan bir rotasiya əsasında dəyişdirilir.
Azərbaycan Silahlı Qüvvələrinin sülhməramlıları 2002-ci ilin noyabr ayından Əfqanıstanda İSAF tərkibində xidmət edir. Hazırda Əfqanıstanda Azərbaycan Silahlı Qüvvələrinin 94 hərbçisi Türkiyə taborunun tərkibində Kabil şəhərində yerləşən televiziya qülləsini, İSAF-ın mərkəzi silah-sursat anbarının təhlükəsizliyini qoruyur və patrul xidmətini həyata keçirir.