“Əfqanıstan və İrandan Avropa və Rusiyaya gedən əsas narkotrafik marşrutlarının mərkəzində yerləşən Azərbaycan heroin və digər narkotiklərin daşınmasında mühüm ölkədir.
Bununla belə ölkədə narkotik maddələrdən istifadə və narkotik maddələrin becərilməsi çox kiçik miqyasdadır və əhəmiyyətli problem yaratmır”. APA-nın məlumatına görə, bu fikirlər ABŞ Dövlət Departamentinin “Narkotiklərə nəzarət üzrə beynəlxalq strategiya - 2013” adlı illik hesabatında yer alıb.
Hesabata əsasən, hər il Azərbaycandan keçməklə 11 ton heroin daşınır ki, bunların da əksəriyyəti ölkəyə İranın cənub sərhədlərindən daxil olur.
Sənəddə 2011-ci ildə Azərbaycanda 557 narkotik maddənin müsadirə olunduğu bildirilir. Bu, 1,86 ton narkotik maddənin müsadirə olunduğu 2010-cu illə müqayisədə xeyli azdır. 2011-ci ildə narkotik maddə qaçaqmalçılığında iştiraka görə 2341 nəfər həbs olunub. Həmin il Azərbaycanda 59 qanunsuz narkotik maddə istehsalı aşkarlanıb və nəticədə 20 kiloqram xaşxaş və 3,4 ton çətənə kolu məhv edilib.