Ədliyyə Nazirliyinin Penitensiar xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 2 saylı cəzaçəkmə müəssisəsinə və 3 saylı İstintaq təcridxanasına qadağan olunmuş əşyaların keçirilməsi cəhdinin qarşısı alınıb. Penitensiar xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən Lent.az-a verilən xəbərə görə, 2 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1 maddəsi ilə azadlıqdan məhrum edilmiş məhkum Nəriman Fəxrəddin oğlu Hüseynovun yanına qısamüddətli görüşə gəlmiş xalası oğlu Məftun Böyükkişi oğlu Allahyarovun gətirdiyi sovqata və üzərinə baxış keçirilən zaman geyindiyi ayaqqabının içərisindən “Blackberry” markalı mobil telefon aparatı və mobil telefon aparatı üçün nəzərdə tutulmuş elektrik qidalandırıcısı aşkar edilərək götürülüb.
Bundan başqa 3 saylı İstintaq təcridxanasında saxlanılan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2; 29, 317.1.1 maddələrinə əsasən həbs edilmiş Şahin Murfazil oğlu Abdullayevə qardaşı Tural Murfazil oğlu Abdullayevin gətirdiyi sovqata və üzərinə baxış keçirilən zaman 2 ədəd “Vita” şirələrinin içərisində gizlədilmiş 1 ədəd “Nokia” və 1 ədəd “Samsunq Duas” markalı mobil telefon aparatları aşkar edilərək götürülüb.
Faktlar üzrə araşdırma aparılır.