Fevralın 28-də ATƏT-in Bakı Ofisi və Avropa Şurasının təşkilatçılığı və Azərbaycan Hüquqşünasları Konfederasiyası (AHK) ilə əməkdaşlıq çərçivəsində ədliyyə və daxili işlər nazirlikləri, Respublika Baş Prokurorluğu və Ombudsman Aparatının dəstəyi ilə “Tutulma və həbsə dair beynəlxalq standartlar, “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” qanununun tətbiqi və pis rəftara qarşı mübarizə” mövzusunda təlimçilər üçün təlim başlayıb. Lent.az-ın məlumatına görə, təlimin birinci günündə açılış nitqi ilə Konfederasiyasının İdarə Heyətinin sədri, millət vəkili Əli Hüseynli çıxış edib. Ə. Hüseynli qeyd edib ki, “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” qanunun tətbiqi ilə bağlı Milli Ekspert Qrupu yaradılacaq. Milli Ekspert Qrupu isə qanunu tətbiq edəcək orqanların əməkdaşlarından ibarət olacaqdır. Əli Hüseynli əlavə edib ki, Azərbaycan dövləti “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” qanunun qəbulu və tətbiqi ilə bağlı ciddi iradə nümayiş etdirir.
ATƏT-in Bakı Ofisinin səfir müavini Monika Martinez isə təmsil olundğu qurumun “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” qanunun həm hazırlanmasına, həm də onun icrasına kömək etməyə çalışdıqlarını bildirib.
Daha sonra Bakı Ağır Cinayətlər Məhkəməsinin, Ədliyyə Akademiyasının, Penitensiar Xidmətin Təlim Mərkəzinin, Respublika Baş Prokurorluğunun Elm-Tədris Mərkəzinin, Respublika Baş Prokurorluğunun Ağır cinayətlərə dair istintaq İdarəsinin, Respublika Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin, DİN-in Polis Akademiyasının, Ombudsman Aparatının və “Azərbaycan Hüquq Konsorsiumu” layihəsinin əməkdaşlarının iştirak etdiyi təlimin iş sessiyaları başlayıb.
İş sessiyalarının ekspertləri İnsan Hüquqları üzrə Avropa Məhkəməsi yanında Azərbaycan Hökumətinin Agenti və Prezident Administrasiyasının hüquq-mühafizə orqanları ilə iş şöbəsinin İnsan hüquqlarının müdafiəsi sektorunun müdiri Çingiz Əsgərov, Avropa Şurasının məsləhətçisi Vitaliy Kasko, ATƏT-in eksperti Trevor Service olub. Müzakirələrlə davam edən təlim martın 1-də başa çatacaq.