Yanvarın 12-də Gürcüstanda “Amnistiya haqqına” Qanun qüvvəyə minib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, qanun artıq parlamentin “Qanun Məcəlləsi”ndə dərc olunub. Məlumata görə, qanunu parlamentin sədri David Usupaşvili imzalayıb. Gürcüstan Milli Hərəkat Partiyası isə parlament sədrinin “Amnistiya haqqında” Qanunu imzalamasına etiraz bildirib.
Gürcü mətbuatının məlumatına görə, bu gün həbsxanalardan 190 siyasi məhbus azad olunacaq. Gürcüstanın cəzaların icrası və hüquqi yardım naziri Sözar Subari bildirib ki, siyasi məhbusların azad edilməsinə bir saat vaxt lazımdır.
Digər məhbusların azad olunmasına gəlincə, parlament Gürcüstanın cəzaların icrası və hüquqi yardım nazirliyinə iki həftəlik vaxt verib. Bu vaxt ərzində nazirlik məhbusların “işi”ni məhkəmələrə təqdim etməlidir.
APA-nın məlumatına görə, amnistiya nəticəsində 17 min məhbusun azad olunacağı gözlənilir. 3 min məhbus həbsxanadan azad olunacaq, digər məhbusların cəza müddəti azaldılacaq.