Gurcustanda “Amnistaiya haqqında” qanun qüvvəyə mindikdən sonra həbsxanadan azadliga buraxılan 190 nəfər siyasi məhbusdan biri azərbaycanlıdır.
APA-nın Gürcüstan bürosunun məlumatına görə, Gürcüstanın Saqareco rayonunun (Qaraçöp) Ləmbəli kəndindən olan 35 yaşlı Qəzənfər Məmmədov adlı soydaşımız yanvarın 13-də azadlığa buraxılıb.
Ləmbəli kənd icra nümayəndəsi əvəzi işləyən Mübariz Məmmədovun APA-ya verdiyi məlumata görə, Qəzənfər Məmmədov kəndin icra nümayəndəsi vəzifəsində çalışıb “Onun kabinetinə 180 lari nömrəli pul qoydular və faktı rəsmiləşdirərək ona saxta ittihamlarla 14 il 7 ay iş verdilər. Qəzənfər Məmmədov 3 ilə yaxın həbsxanada cəza çəkdi. O, heç bir partiyanın üzvü deyildi. Həbsxanaya düşəndən sonra ona siyasi status verildi. Keçmiş iqtidarın nümayəndələri, o cümlədən rayon rəhbərliyi onun işini bəyənmir, işdən azad etmək istəyirdilər. Yanvarın 13-də səhər saat 11-ə işləyəndə Qəzənfər Məmmədov azadlığa buraxılıb”.
Qeyd edək ki, Q. Məmmədovun həbsinə Gürcüstanda yaşayan azərbaycanlıların təmsil olunduğu Qeyri-Hökumət Təşkilatları və ziyalılar etiraz etmişdilər.