Dünən Tiflis şəhərinin yaxınlığında yerləşən və azərbaycanlıların kompakt yaşadığı Poniçala kəndində qətl hadisəsi baş verib.
APA-nın Gürcüstan bürosunun məlumatına görə, iki azərbaycanlı gənc arasında baş verən anlaşılmazlıq 1990-cı il təvəllüdlü Elçin Məcid oğlu Tanrıverdiyevin ölümünə səbəb olub. Hadisə şahidlərinin APA-ya məlumatına görə, Moskvadan yenicə qayıdan Elcan Vilayət oğlu Cəfərovla Elçin Tanrıverdiyev maşın alqı-satqısı barədə mübahisə ediblər.
Məlumata görə, Elçin Tanrıverdiyev borcunu tələb etdiyi üçün Elcan evdən götürdüyü bıçaqla onun ürəyinə vurub.
E. Tanrıverdiyev xəstəxanaya çatdırılarkən yolda dünyasını dəyişib. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları Elcan Cəfərovu axtarırlar. Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.