Güney Azərbaycanın Qaradağ bölgəsində bir həftə ərzində polislə yerli sakinlər arasında iki dəfə qarşı durma olub.
Lent.az-ın Güney Azərbaycanyönlü informasiya vasitələrinə istinadən məlumatına görə, Abışəhməd kəndinin əhalisi yenidən Motallı istisu layihəsinə etiraz edib.Onlar istisuyu inhisara alan sərmayəçinin müəssisəsinə hücum edib.
Nəticədə yerli əhali ilə polis qüvvələri arasında ciddi qarşıdurma yaranıb.
Məlumata görə, aksiyaçılar istisuyun inhisara alınması nəticəsində, təbii,müalicə mənbəyindən gələcəkdə yararlana bilməyəcəklərini bildirib. Hazırda yerli sakinlər bu Sudan az məbləğ ödəməklə istifadə edə bilirlər. Ancaq istisu mənbəyi özəlləşdirildikdən sonra ondan yararlanmaq üçün indiki ödənişdən azı 50 dəfə artıq pul verməli olacaqlar.
Qeyd edək ki, Abışəhməddə ötən il də bu məsələ ilə bağlı qarşıdurmalar olub.Buna səbəb əvvəllər İran İslam İnqilabı Keşikçiləri Qvardiyasına xidmət etmiş, keçmiş deputat Fətihpurun həmin kənddəki torpaqlar yiyələnmək istəyi olub. Mənbənin bildirdiyinə görə, o, qvardiyanın qanunsuz olaraq, ələ keçirdiyi kəndə yeridilməsinə nail olub. Keçmiş qvardiyaçı və deputat Motalıq istisuyunda yeni bina tikib. Bu halda yerli əhali həmin sudan istifadə etmək üçün Fətihpurun şirkətinə pul ödəməlidir. Keçmiş deputatın bu əməlinə etiraz edən kənd əhalsi də qvardiyaçıların hücumuna məruz qalıb.