Vəkil: “Gülər Əhmədovanın Cinayət Məcəlləsinin 307.2-ci maddəsi ilə ittiham olunmasına Ayxan Məmmədovun böhtanları səbəb olub”
“Sevinc Babayevanın ölümü ilə bağlı İstanbul Ədliyyə Tibb Baş İdarəsinin verdiyi ekspert rəyi obyektivdir”.
Bunu APA-ya açıqlamasında hazırda həbsdə olan sabiq deputat Gülər Əhmədovanın vəkili Raqif Mustafayev deyib.
R. Mustafayev ekspertiza rəyinin Sevinc Babayevanın öz əcəli ilə öldüyün təsdiqlədiyini bildirib: “Sevinc Babayeva zəhərlənmədən və yaxud hər hansı fiziki təsirdən ölməyib. Bunu ekspertiza da təsdiq edir. Lakin Sevinc Babayevanın oğlu Ayxan Məmmədov hər zaman yalan ifadə verməklə, Gülər Əhmədovaya böhtan atmaqla çalışırdı ki, istintaqı çaşdırsın. Guya ki, anasını Gülər Əhmədova zəhərləyib, guya onu Gülər Əhmədova Azərbaycandan çıxarıb. Gülər Əhmədovanın Cinayət Məcəlləsinin 307.2-ci maddəsi ilə ittiham olunmasına səbəb Ayxan Məmmədovun böhtanları olub. İstintaq da bu məsələni araşdırıb, nəticə çıxartmalı, buna qiymət verməlidir. Gülər Əhmədovanın Sevinc Babayevanı ölkədən çıxartması da absurd bir fikirdir. Çünki həmin ərəfədə Sevinc Babayevanın barəsində cinayət işi olmayıb. Sevinc Babayeva burdan sentyabrın 27-də çıxıb, onun barəsində olan cinayət işini oktyabrın 3-də təzələyiblər, oktyabrın 5-də isə barəsində axtarış elan olunub” .
Qeyd edək ki, Bakı şəhər Prokurorluğunda Gülər Əhmədovanın Cinayət Məcəlləsinin 178.3.2 və 307.2-ci, Sevinc Babayevanın isə həmin məcəllənin 178.3.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair istintaq edilən cinayət işi ilə əlaqədar Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşı Türkiyə Respublikasına ezam olunub.
S. Babayevanın “Medicana International İstanbul Hospital” xəstəxanasında ölməsi faktı üzrə İstanbul Ədliyyə Tibb Baş İdarəsində keçirilmiş məhkəmə-tibb ekspertizası başa çatıb və ekspertizanın rəyi İstanbul Böyükçəkməcə Cümhuriyyət Baş Prokurorluğu tərəfindən nümayəndəmizə təqdim edilib.
Ekspertiza təhqiqatları nəticəsində S.Babayevanın bədən səthi üzərində travmadan yaranan hər hansı xəsarətlərin aşkarlanmadığı, daxili müayinə zamanı götürülən toxuma nümunələrində toksiki maddələrin müəyyən olunmadığı üçün onun zəhərlənərək ölməsinin tibbi dəlillərlə təsdiq olunmadığı və ürək-damar xəstəliyindən ölməsi müəyyən olunub.
Xatırladaq ki, Sevinc Babayevanın oğlu Ayxan Məmmədov anasının Gülər Əhmədova tərəfindən zəhərləndiyini iddia edib.