Vəkillər Raqif Mustafayev və Əfsər Talıbov həbsdə olan sabiq deputat Gülər Əhmədova ilə görüşüb.
Bu barədə APA-ya məlumat verən R. Mustafayev bildirib ki, istintaq orqanı tərəfindən Elşad Abdullayevin yaydığı sonuncu videomaterialla əlaqədar fonoskopik ekspertizanın keçirilməsi haqqında qərar qəbul olunub: “Biz həmin qərara etiraz etdik. Çünki əvvəllər də qeyd etdiyimiz kimi həmin videomateriallar maddi sübut kimi götürülə bilməz. Biz Gülər xanımın həbsinin qanunsuz olması ilə bağlı Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət hazırlamışıq”.
Vəkilin sözlərinə görə, Avropa İnsan Hüquqları Məhkəməsinə ünvanlanan şikayət G.Əhmədovanın həbsinin qanunsuz olması ilə bağlıdır: “Şikayətimizi poçt vasitəsi ilə Avropa İnsan Hüquqları Məhkəməsinə göndərdik”.
R. Mustafayev G. Əhmədovanın bəzi qəzetlərin onun haqqında əsassız məlumatlar yazmasına etiraz etdiyini də bildirib: “Gülər xanım mənə və digər vəkili Əfsər Talıbova tapışırdı ki, qərəzli məlumatlar yazan qəzetlərə hər hansı məlumat verməyək”.
Vəkil Əfsər Talıbov isə Gülər Əhmədovanın Bakı şəhər prokuroru Əziz Seyidova ərizə yazdığını bildirib: “Gülər xanım ərizə yazıb öz xidmətlərini, himayəsində azyaşlı uşağın olmasını, həyat yoldaşının və özünün xəstə olmasını göstərdi və xahiş etdi ki, onun ev dustaqlığına buraxılması üçün köməklik etsin. Həmçinin bildirdi ki, Elşad Abdullayev gəlib ifadə verməyənə kimi o da ifadə verməyəcək ”.
Ə. Talıbov G. Əhmədovanın vəkil Eldar Qədimidən imtina etməsi barədə ərizə yazdığını və bunun müstəntiq tərəfindən təsdiq olunaraq protokollaşdırıldığını da qeyd edib.