Ötən gecə Lerik rayonuna güclü qar yağıb.
APA-nın cənub bürosunun məlumatına görə, qarın hündürlüyü Lerikin mərkəzində 50 sm, ucqar ərazilərdə isə 60 sm təşkil edib. Yağan qar daha çox rayonun elektrik təsərrüfatına ciddi ziyan vurub. Belə ki, qarın ağırlığına tab gətirməyən min metrlərlə elektrik naqili qırılıb, xeyli sayda dirəklər aşıb. Nəticədə ötən gecədən rayonun 90%-i enerjisiz qalıb.
Lerik Rayon İcra Hakimiyyəti başçısının müavini, rayon Fövqəladə Hallar Komissiyasının sədri Habil Məlikovun sözlərinə görə, hazırda 100-ə yaxın yaşayış məntəqəsində elektrik enerjisi təminatında fasilə yaranıb. Lerik şəhəri və ətraf kəndlər isə işıqla təmin olunub. Rayon elektrik təsərrüfatının işçiləri və eyni zamanda ərazi icra nümayəndələri, bələdiyyələr təbii fəlakətin nəticələrinin aradan qaldırılması üçün gücləndirilmiş iş rejiminə keçiblər. Bəzi yaşayış məntəqələrinin günün sonuna kimi işıqla təmin olunması nəzərdə tutulub.
Qeyd edək ki, güclü qar Lənkəran-Lerik şosesində nəqliyyat vasitələrinin hərəkətinə mane ola bilməyib.