Bakı şəhərində müxtəlif vaxtlarda oğurluq edənlər tutulub. Bakı Şəhər Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Yasamal Rayon Polis İdarəsinin 28-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, oğurluqda şübhəli bilinən Bakı şəhər sakinləri Mübariz Muxtarov və Milana Şükürova yanvarın 24-də yaxalanıb.
Araşdırma zamanı müəyyən edilib ki, onlar 2012-ci il noyabrın 6-da avtomobillərin satış bazarında Pəhlivan Əliyevə məxsus mağazadan maqnitofon, səs gücləndiricilər, dekabrın 18-də və 26-na keçən gecə Fəlakət Tağıyevaya məxsus M.Müşviq küçəsində yerləşən gözəllik salonundan televizor, DVD, pul, fen və bjuteriya, dekabrın 29-na keçən gecə Fidan Əhmədova məxsus İ.Zülalov küçəsində yerləşən gözəllik salonundan 74 manat, gümüş sırğa, 3 ədəd qol saatı, fen, parfumeriya, 31-də isə Cavid Kərimova məxsus Şərifzadə küçəsində yerləşən mağazadan 600 manat və danışıq kartları qarət ediblər.