Daxili İşlər Nazirliyi Goranboyda baş vermiş kütləvi dava ilə bağlı məlumat yayıb.
Lent.az-ın Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, sentyabrın 2-də Goranboy rayonu Veyisli kəndinin ərazisindən kənd sakinləri Səxavət Nağıyev, onun oğlu İxtiyar, qardaşları Mürvət və Şükür bıçaq xəsarətləri ilə xəstəxanaya gətiriliblər.
Səxavət Nağıyev xəstəxanada ölüb. Faktla əlaqədar cinayət işi başlanıb. Daxili İşlər Nazirliyinin Növbətçi Hissələri İdarəetmə Xidməti, Baş Dövlət Yol Polisi İdarəsi və Goranboy RPŞ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədib “Opel Vectra” markalı avtomaşında hadisə yerindən qaçmış Abşeron rayon sakinləri Natiq Yaqubov, Rafiq Mədətov, Bakı şəhər sakinləri Mahrud Qocayeva və Neymət Dadaşov və onun qardaşı Nicat Bakı Dövlət Yol Polis İdarəsinin postunda saxlanılıblar.