Dövlət Gömrük Komitəsinin əməkdaşları metaldan hazırlanmış “beşbarmaq” aşkar ediblər. Dövlət Gömrük Komitəsindən Lent.az-a verilən məlumata görə, Hava Nəqliyyatında Baş Gömrük İdarəsində Antalya-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşı Elmar Gülməmmədova məxsus çamadana gömrük baxışı zamanı həmin çamadandan gömrük nəzarətinə təqdim edilməyən 1 ədəd metaldan hazırlanmış “beşbarmaq” aşkar olunub.
İlkin araşdırma zamanı E.Gülməmmədov izahatında həmin “beşbarmağ”ı Antalya şəhərindən suvenir qismində aldığını bildirib.
Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin arayışına əsasən isə kustar üsulla hazırlanmış həmin əşya əzici-vurucu xassəyə malik soyuq silah və təyinatı üzrə istifadəyə yararlı hesab edilib.