Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyev və Mərkəzin əməkdaşı, polkovnik Azər Mehdiyevin barələrində olan hökmdən verdikləri şikayət üzrə məhkəmə davam edib.
Lent.az-ın məlumatına görə, Bakı Apellyasiya Məhkəməsində hakim Sahibxan Mirzeyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.
Xatırladaq ki, Elcin Quliyev Bakı Hərbi Məhkəməsində çıxarılan hökmün ləğvini və ona bəraət verilməsini istəyib. O, müsadirə olunması üçün üzərinə həbs qoyulan əmlaklarının da özünə qaytarılmasını tələb edib.
Azər Mehdiyev də apelyasiya şikayətində bəraət istəyib. Elçin Quliyev və Azər Mehdiyevin şikayəti ötən həftənin cümə günü Bakı Hərbi Məhkəməsinə göndərilib.
Bu iş üzrə zərərçəkmişlərdən yalnız iş adamı Maqsud Mahmudov apelyasiya şikayəti verib. O bildirib ki, Bakı Hərbi Məhkəməsinin hökmündən verdiyi apelyasiya şikayətində ona dəymiş ziyanla bağlı mülki iddianın təmin olunmasını istəyib.
Qeyd edək ki, Elçin Quliyev və Azər Mehdiyev dövlət orqanlarında müxtəlif vəzifələrdə çalışan şəxslərə, iş adamlarına hədə-qorxu gəliblər, onlardan külli miqdarda pul alıblar.
Bakı Hərbi Məhkəməsinin hökmü ilə Elçin Quliyev 10 il 6 ay, Azər Mehdiyev isə 8 il azadlıqdan məhrum ediliblər. Hər iki təqsirləndirilən şəxsin rütbədən məhrum edilməsi barədə ölkə prezidentinə təqdimat göndərilməsi haqqında qərar qəbul edib.
Məhkəmə zərərçəkmişlərin mülki iddiasını təmin etməyib.
Elçin Quliyevə qarşı Dövlət Təhlükəsizlik Xidmətinin 7 milyon manatlıq mülki iddiası təmin olunub. Təqsirləndirilən şəxslərin üzərinə həbs qoyulmuş mülklərinin müsadirə olunması barədə də qərar qəbul edilib.