Gəncədə tıxacların qarşısını almaq üçün şəhərin bir neçə mərkəzi küçəsində avtomobil saxlamaq qadağan edilib.
Gəncə Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsinin rəisi Rəhim Zalovun APA-nın Qərb bürosuna verdiyi məlumata görə, Gəncənin Mirzə Abbas Abbaszadə küçəsinin Heydər Əliyev prospekti ilə kəsişməsindən Nəriman Nərimanov prospektinə kimi olan 500 metr yolun sağ tərəfində və şəhərin mərkəzində, Heydər Əliyev prospektinin 500 metrlik hissəsində avtomobil saxlamaq qadağan edilib. Artıq həmin ərazilərdə müvafiq nişanlar quraşdırılıb.
“Sözü gedən yollarda hərəkət intensivdir. Yolun hər iki tərəfində avtomobil saxladıqda tıxac yaranır, gediş-gəliş çətinləşir. Artıq nişanlar vurulub. Yol polisinin əməkdaşları əraziyə nəzarət edirlər. Qaydaları pozan sürücülər barədə tədbirlər görülür”, - deyə R. Zalov bildirib.
O, şəhərdə avtomobillərin hərəkətini nizamlamaq üçün 13 yol ayırıcında yeni işıqforların quraşdırıldığını da bildirib.
Şəhərdəki 49 işıqforun hamısı yenisi ilə əvəzlənib.
Qeyd edək ki, paytaxt Bakının da bəzi mərkəzi küçələrində avtomobillərin park edilməsi qadağan edilib.