Sosial şəbəkələrdə Azərbaycan hərbçilərinin qanunsuz fotosu ilə əlaqədar Müdafiə Nazirliyinin aidiyyatı strukturlarında və hadisə baş vermiş hərbi hissədə araşdırma aparılır. Lent.az-ın məlumatına görə, fotosu yayılmış hərbçi əslində əsgər olub.
Əsgər Ülvi Namazlının atası Namazov Eldəniz İsmayıl oğlu saytımıza açıqlamasında bildirib ki, foto sentyabr ayında çəkilib: “Mənim oğlum 6 ayın əsgəridir. Sentyabr ayında ezamiyyətdə olarkən xatirə olsun deyə belə bir şəkil çəkdiriblər. Əsgərlər bir-birinin kürəklərinə öz rayonlarının adını yazıb, şəkillər çəkdiriblər. Mən də bundan xəbər tutan kimi həyəcan keçirdim. Dünən foto yayılan kimi oğlumu gəlib hərbi hissədən aparıblar araşdrma aparmaq üçün. Bilmirəm hardadı, ona görə də korpusa gedirəm. Yəqin araşdırmadan sonra həqiqət üzə çıxacaq”.
Lent.az-ın hərbi mənbələrdən əldə etdiyi digər məlumata görə, fotoda görüntülənən digər əsgərlər də sorğu-sual edilib.