Mayın 4-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Azərbaycan Bəstəkarlar İttifaqının sədri, xalq artisti, professor Firəngiz Əlizadənin “İntizar” operasının premyerası keçiriləcək. Teatrdan Lent.az-a verilən məlumata görə, operanın yeni redaksiyasının rejissoru əməkdar incəsənət xadimi Hafiz Quliyev, quruluşçu rəssamı xalq rəssamı Tahir Tahirovdur.
Tamaşada teatrın bir sıra aparıcı solistləri – xalq artisti Qərinə Kərimova, əməkdar artistlər Əkrəm Poladov, Fəridə Məmmədova, Səbinə Əsədova, gənc vokalçılar Afaq Abbasova, Anton Ferştandt, Tural Ağasıyev ilə yanaşı, Gülbacı İmanovanın rəhbərlik etdiyi Azərbaycan Dövlət Xor Kapellası da iştirak edəcək. Operaya dirijorların beynəlxalq müsabiqələrinin laureatı Əyyub Quliyev dirijorluq edəcək.
Qeyd edək ki, tamaşanın libretto müəllifi professor Nərgiz Paşayevadır.