Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidməti "Dağlıq və mürəkkəb relyefə malik ərazilərdə axtarış-xilasetmə əməliyyatlarının təşkili və keçirilməsi" mövzusunda təlim keçirib.
APA-nın «Fövqəladə hallar» qəzetinə istinadən verdiyi məlumata görə, Qəbələ rayonu Vəndam kəndi yaxınlığında çətin keçidli meşə massivində keçirilən təlimdə 74 nəfər şəxsi heyət, 11 texnika, 3 baş xüsusi təlim keçmiş it və Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb və Gəncə Regional mərkəzlərinin 21 xilasedicisi iştirak edib.
Təlimdə məqsəd komandir və rəis heyətinin dağ-meşə massivlərində axtarış və qəza-xilasetmə işlərinin təşkili, mürəkkəb relyefə malik ərazilərdə təbii xarakterli fövqəladə halların nəticələrinin aradan qaldırılması tədbirlərinin yerinə yetirilməsi, hərbi hissələrin və bölmələrin çətin keçilən ərazilərdə fövqəladə hadisə rayonuna yürüşü zamanı, həmçinin ərazi üzrə regional mərkəzlərin qüvvələri ilə qarşılıqlı fəaliyyətin təşkili üzrə praktiki vərdişləri təkmilləşdirmək olub.
Səhra çıxışı zamanı xilasedicilərə düşərgənin qurulması, mürəkkəb şəraitdə (dağ, yarğan, meşə və s.) gecə və gündüz axtarış cihazları və xüsusi təlim keçmiş itləri tətbiq etməklə axtarış-xilasetmə işlərinin yerinə yetirilməsi, zərərçəkmişlərin təxliyə edilməsi üçün müvafiq xilasetmə alət və avadanlıqdan istifadə edərək dağ çayları üzərindən keçidlərin qurulması, alpinist ləvazimatından və digər vasitələrdən istifadə edərək yüksəklikdən və yarğandan zərərçəkmişlərin təxliyəsi, zərərçəkmişlərə ilkin yardım və təxirəsalınmaz tibbi yardım göstərilməsi sahələri üzrə praktiki məşğələlər keçirilib.