“Azərbaycan gəncləri geriyə yox, irəli baxmalıdır”.
APA-nın məlumatına görə, bu fikirləri bu gün Bakıda keçirilən ASAİF-in XI Yay Forumunda çıxışı zamanı Ağsaqqallar Şurasının sədri, deputat Fəttah Heydərov deyib.
O qeyd edib ki, Azərbaycan gənclərinin müasir informasiya-kommunikasiya texnologiyalarının inkişafı prosesinin fəal iştirakçısı olması sevindirici haldır: “Gənclər fikirlərini bu gün təkcə sosial şəbəkələrdə deyil, öz valideynləri, ağsaqqalları ilə də bölüşməlidir”. O Azərbaycan prezidenti İlham Əliyevin gənclər üçün yaratdığı geniş imkanlardan danışıb: “Heydər Əliyev bütün həyatını Azərbaycana, Azərbaycan gəncliyinin gələcək inkişafına sərf edib. O hələ Sovet dönəmində Azərbaycana rəhbərlik etdiyi zaman azərbaycanlı gənclərin bütün sahələrdə inkişafını daim diqqətdə saxlayıb. Məhz onun nəticəsidir ki, bu gün Azərbaycan gəncliyi üçün böyük imkanlar yaradılıb”.