Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Xural” qəzetinin həbsdə olan baş redaktoru Əvəz Zeynallının cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
APA-nın məlumatına görə, hakim Ramella Allahverdiyevanın sədrlik etdiyi prosesdə Ə. Zeynallı çıxış edərək bildirib ki, fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetin rektoru Elşad Abdullayevin yaydığı video görüntülərdə vasitəçi qismində iştirak edən Sevinc Babayevanın ölümü onun cinayət işi ilə bağlıdır: “Allah Sevinc Babayevaya rəhmət eləsin. İyul ayında Gülər Əhmədova ilə birlikdə mənim prosesimə gəlmişdi. Xahiş edirəm, onun əyləşdiyi yerə qərənfillər düzün”. Bundan sonra Ə. Zeynallının qohumları S. Babayevanın iyul ayında məhkəməyə gələrkən əyləşdiyi oturacağa iki ədəd qərənfil qoyublar. Hakimlər isə buna etiraz ediblər. Bundan sonra məhkəmə nəzarətçiləri gülləri götürüblər.
Ə. Zeynallı daha sonra qeyd edib ki, Gülər Əhmədovanın adı adam öldürməkdə hallanır: “Gülər adam öldürməkdə, rüşvətxorluqda ittiham olunur. Amma həbs olunmur. Nə üçün?”
Dövlət ittihamçısı Ramazan Hadıyev isə bildirib ki, bu məsələnin Ə. Zeynallıya heç bir aidiyyəti yoxdur.
Ə. Zeynallı çıxışı zamanı G. Əhmədovanın prosesə gəlməməsi məsələsinə də toxunub: “Gülər Əhmədova artıq polis nəzarətindədir. Nə üçün onu prosesə gətirmirsiniz? Gülər Əhmədova və onun şəbəkəsinə daxil olan qadınlar Azərbaycanda uşaq alveri ilə məşğul olan şəxslərdir”.
Hakim Ramella Allahverdiyeva isə bildirib ki, G. Əhmədovanın harada olması ilə bağlı məlumatı yoxdur: “Biz onun prosesə gəlməməsinə hökm zamanı qiymət verəcəyik. Bu məsələ artıq qurtarıb. Qalan məsələlərə isə Gülər Əhmədova özü aydınlıq gətirər”.
Daha sonra Ə. Zeynallı məhkəməyə bir sıra vəsatətlər verib.
Proses yanvarın 16-da davam etdiriləcək.
Qeyd edək ki, Ə. Zeynallı 2011-ci il oktyabrın 28-də həbs edilib. Onun barəsində Cinayət Məcəlləsinin 311.3.3 və 311.3.4-cü maddələri ilə cinayət işi başlanıb, barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.