Bakıda namus üstündə qətl törətməkdə təqsirləndirilən İlkin Əhmədovun cinayət işi üzrə məhkəmə iclası davam edib.
Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə söz dövlət ittihamçısına verilib. Prokuror ittiham aktının nəticəvi hissəsini elan edib.
İ.Əhmədov özünü cinayətə görə tam təqsirli bildiyini deyib.
Məhkəmədə sərbəst ifadə verən İlkin Əhmədov qeyd edib ki, evləndikdən sonra Binə qəsəbəsində həyat yoldaşı ilə kirayə yaşayıb: “"Fialın evində qalırdıq. Fialın yaşadığı ev də arxada idi. Hadisədən əvvəl pivə alıb gətirdim. Onunla birgə pivə içdim. Bir-birimizə qardaş deyirdik. Gecə saat 4 radələrində Fial dedi ki, qazın sayğacının balansında pul qurtarıb. Birgə mağazaya getdik. Sonra o yoldan geri qayıtdı, işinin olduğunu söylədi. Evə qayıdanda Fialın arvadıma təcavüz etdiyini gördüm. Əlimə bıçaq alıb onu vurdum".
Prosesdə şahid qismində təqsirləndirilən İlkin Əhmədovun həyat yoldaşı Aygün Əhmədova dindirilib.
O bildirib ki, qətlə yetirilən ev sahibi Fial İsmayılov onu narahat edib: "Hadisə günü Fial bizə gəldi. İlkinlə bir yerdə pivə içdilər. Pivə içəndən sonra Fial İlkinə qazın smart kartına pul vurmaq lazım olduğunu dedi. Mən yatmışdım. Qalxanda gördüm ki, Fial başımın üstündədi. Fial məni zorlamaq istədi. Paltarımı aşağı çəkdi. Bu zaman İlkin evə gəldi. Əvvəl həyat yoldaşım onu çölə çıxartdı, Fial söyüş söyürdü. Bıçağı kimin götürdüyünü bilmədim. Bu zaman Fial dedi ki, "bıçaq qarnıma girdi". Sonra onun bıçaqlandığını bildim".
Məhkəmə oktyabrın 16-da davam edəcək.
Qeyd edək ki, hadisə bu ilin aprel ayında baş verib. Suraxanı rayonunun Binə südçülük sovxozu adlanan ərazidə kirayədə yaşayan, 1992-ci il təvəllüdlü İlkin Səməd oğlu Əhmədov ev sahibi, 1991-ci il təvəllüdlü Fial Elzibar oğlu İsmayılovu qətlə yetirilib.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları çıxıb. Meyitə ilkin baxış keçirilərkən onun üzərində 4 bıçaq zərbəsi və boğazının kəsildiyi məlum olub.
İlkin araşdırmalarla müəyyən edilib ki, İ.Əhmədov uzun müddətdir, F.İsmayılovun evində kirayədə yaşayıb. İ.Əhmədov ev sahibi F.İsmayılovun həyat yoldaşı ilə münasibətlərindən şübhələnib. Sonra onları münasibətdə olarkən yaxalayıb. Nəticədə onların arasında dava düşüb və İ.Əhmədov F. İsmayılovu qətlə yetirib.
Hadisəni törədən İ.Əhmədov saxlanılıb.