Bakıda həyat yoldaşını öldürməkdə təqsirləndirilən Lalə Mahmudova və tanışı Sədi Məmmədov barəsində olan cinayət işi üzrə ibtidai istintaq təzələnib.
Lent.az-ın məlumatına görə, cinayət işi üzrə ibtidai istintaq tamamlanıb. Tərəflər cinayət işinin materialları ilə tanış olan zaman qanun pozuntuları aşkarlanıb. Vəkillər cinayət işi üzrə istintaqın təzələnməsi barədə vəsatət verib. İstintaq orqanı onun vəsatətini təmin edib və cinayət işi üzrə istintaqın təzələnməsinə qərar verilib.
Qeyd edək ki, S. Məmmədov K. Mahmudovun yatmış vəziyyətdə olmasından istifadə edərək özü ilə gətirdiyi odlu silahdan onun bədəninin müxtəlif nahiyələrinə bir neçə dəfə atəş açaraq qəsdən öldürüb və meyiti L. Mahmudova ilə birlikdə bıçaqla hissələrə bölərək özünə məxsus BMW markalı avtomobillə İsmayıllı rayonunda qardaşı Əli Məmmədova məxsus bağ evinin həyətində basdırıb.
Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğunun qətl hadisəsi ilə bağlı yaydığı məlumatda bildirilir ki, paytaxtın hüquq-mühafizə orqanlarının birgə həyata keçirdiyi istintaq-əməliyyat tədbirləri nəticəsində Yasamal rayonu ərazisində qeyri-aşkar şəraitdə törədilmiş qətlin üstü açılıb.
Cinayətin S. Məmmədov və L. Mahmudova tərəfindən törədilməsində əsaslı şübhələr yarandığından onlar ötən il oktyabrın 3-də tutularaq istintaqa cəlb olunub. Onu da qeyd edək ki, L. Mahmudova Bakıdakı xəstəxanalardan birində tibb bacısı işləyib. Onun əri isə bizneslə məşğul olub.