Bu gün fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru, hazırda Fransada olan Elşad Abdullayev növbəti video yayıb.
APA-nın xəbərinə görə, bir saatlıq video görüntülərdə E. Abdullayev və qardaşı Eldəniz Abdullayevin özünü Xüsusi Dövlət Mühafizə Xidmətinin əməkdaşı kimi təqdim edən Səftər adlı şəxslə danışığı əksini tapıb. Danışıqlar E. Abdullayevin qardaşı Mahir Abdullayevin tapılaraq, geri qaytarılması ilə bağlı aparılır.
Danışıqdan məlum olur ki, E. Abdullayev video görüntüdəki Səftər adlı şəxsin vasitəsilə tanıdığı Sahib və Natiq adlı şəxslərə qardaşı M. Abdullayevin qaytarılması üçün ilkin olaraq 20 min dollar vəsait verib.
E. Abdullayevin dediyinə görə, həmin şəxslər bunun müqabilində M. Abdullayevi geri qaytaracaqlarını, vəsaitin qalanını isə bundan sonra alacaqlarını deyiblər.
Video görüntüdəki söhbətdən belə məlum olur ki, həmin şəxslər Səftər adlı şəxsi əlavə olaraq, 3 min dollar vəsait almaq üçün E. Abdullayevin yanına göndəriblər. Səftər bildirib ki, onlar bu vəsaitlə Sankt-Peterburqa getməli olduqlarını, ordan 3 günə gətirəcəkləri zəmanət məktubu ilə gedib M. Abdullayevi Çeçenistanda saxlayan şəxslərdən alıb gətirəcəklərini bildirirlər. Səftər onu da qeyd edir ki, Şahin adlı şəxsdə M. Abdullayevin video görüntüsü olan kaset var.
E. Abdullayev isə video görüntüləri gətirməyi və M. Abdullayevlə telefonla danışmasına kömək etmələrini tələb edir. Bunu edəcəkləri təqdirdə əlavə 10 min dollar da verəcəyini deyir.
Aparılan söhbətdə E. Abdullayev əlaqələri, vəzifədə olan qohumları, təltifləri barədə geniş danışır, Səftər adlı şəxsə onun vasitəsilə tanıdığı adamlara “ağıllı və diqqətli olmağı, onunla zarafat etməməyi” tapşırmağı məsləhət görür.