Xarici işlər naziri Elmar Məmmədyarov Tacikistanın ölkəmizə yeni təyin olunmuş səfiri Zohir Saidovu qəbul edib. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, etimadnaməsinin surətini Nazir Elmar Məmmədyarova təqdim edən tacikistanlı səfir Azərbaycana təyin olunmasından məmnunluğunu bildirib və iki ölkə arasında əlaqələrin daha da inkişaf etdirilməsi üçün səylə çalışacağını diqqətə çatdırıb.
Elmar Məmmədyarov Azərbaycanla Tacikistan arasında ikitərəfli münasibətlərin yüksək səviyyədə olduğunu söyləyib və əməkdaşlığın hazırkı vəziyyətindən məmnunluq ifadə edib. Görüşdə ölkələr arasında iqtisadi münasibətlərin inkişaf etdirilməsinin vacibliyi qeyd olunub, tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Xarici işlər naziri yeni təyinatı ilə bağlı səfiri təbrik edib və gələcək fəaliyyətində müvəffəqiyyətlər arzulayıb.