YAP-ın sədr müavini Əli Əhmədov Brüsseldə Avropa Xalqları Partiyasının (AXP) nümayəndələri ilə görüşüb.
Lent.az-ın məlumatına görə, keçirilən görüşlərdə Avropa Parlamentinin üzvü, AXP-nin Beynəlxalq əlaqələr xidmətinin rəhbəri Yoanna Yaretska-Qomezlə AXP və YAP arasında ikitərəfli əlaqələr müzakirə olunub və bu əlaqələr yüksək qiymətləndirilib.
Qeyd olunub ki, 2011-ci ildə AXP-nin Buxarestdə qəbul edilmiş Yeni Əməkdaşlıq Platformasına xüsusi diqqət yetirilməli və ikitərəfli əlaqələr bu sənəd üzərində qurulmalıdır. Avropa Parlamentinin üzvü, AXP-nın vitse-prezidenti Korin Vortman-Kul ilə görüşdə YAP-ın AXP ilə həyata keçirdiyi birgə layihələr yüksək qiymətləndirilib və bu istiqamətdə işlərin davam etdirilməsi məqsədəuyğun hesab olunub. Habelə YAP gənclərinin AXP-də və Avropa Parlamentində keçirdiyi qısa müddətli təcrübə praktikası xüsusi qeyd olunmuş və belə layihələrin davam etdirilməsi müsbət tendensiya kimi dəyərləndirilib.
Litvanın keçmiş prezidenti, hal-hazırda Avropa Parlamentinin deputatı V.Landsbergislə görüşdə Azərbaycanda mədəniyyət sahəsində həyata keçirilmiş bir neçə böyük beynəlxalq forum xüsusi qeyd edilib və belə tədbirlərin keçirilməsinin ölkənin xaricdəki imicinin yüksəlməsində müsbət rol oynadığı YAP deputatı tərəfindən vurğulanıb.