Ələt-Astara yolunda dağılan körpü sökülür
05 mart 2013 10:22 (UTC +04:00)

Ələt-Astara yolunda dağılan körpü sökülür

Ələt-Astara yolunun 141-ci kilometrliyində Mişarçay çayı üzərindəki qəzaya uğramış körpünün söküntüsünə başlanılıb.


 

Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev APA-ya bildirib ki, martın 4-də saat 21:30 radələrində çay üzərindən borular atılaraq çınqıl örtüklü alternativ yol salınıb və yol yük avtomobillərinin istifadəsinə verilib. Bu gün səhər saatlarından etibarən isə Mişarçay üzərində aşırım tirləri qırılmış körpü sökülür: “Qəza baş verəndən dərhal sonra ərazidə minik avtomobilləri üçün yol salınmışdı, dünən axşam isə yük avtomobilləri üçün alternativ yol istifadəyə verildi. Lakin yük maşınlarının həddindən artıq yüklənməsi bizim işimizə yenə də mane olur. Bu gün səhər saatlarından başlayaraq köhnə körpünün dəmir konstruksiyalarının sökülməsinə başlanılıb. Körpünün əsas konstruksiyaları tamamilə dəyişdirilməklə bərpa olunacaq və yaxın vaxtlarda yol ötürücüsü istismara veriləcək”.

 

Qeyd edək ki, martın 4-də saat 02:00-03:00 radələrində ağır tonnajlı avtomobillərin hərəkəti nəticəsində Ələt-Astara magistralı yolunun 141-ci kilometrliyində Mişarçay üzərindəki körpünün aşırım tirləri qırılıb. Hadisə baş verəndən sonra minik avtomobilləri üçün alternativ yol verilib. Qeyd olunan  körpü 1964-cü ildə inşa edilib. Körpünün uzunluğu 47,9 metr, qabariti isə 9,3 metrdir.

 

# 827
avatar

Oxşar yazılar