Elçin Şıxlı: “Arxivimi apardılar”
01 may 2014 13:01 (UTC +04:00)

Elçin Şıxlı: “Arxivimi apardılar”

Baş Prokurorluq həbsdə olan jurnalist Rauf Mirqədirovun əməkdaşı olduğu “Ayna-Zerkalo” qəzetlərinin redaksiyasında axtarış aparıb. Qəzetin baş redaktoru Elçin Şıxlı Lent.Az-a verdiyi açıqlamada axtarışın keçən həftə aparıldığını bildirdi: “Xəstə olduğum üçün işdə olmamışam. İşçilərdən Raufun necə insan, necə işçi olduğunu soruşublar. Otaqları gəziblər, maliyyə sənədləriylə maraqlanıblar və mənim işdə olmamağımdan istifadə edib kompüterimi aparıblar. Kompüterdə 20 illik arxivim, atam İsmayıl Şıxlının əsərləri var idi. Onun haqqında xatirə kitabı hazırlayırdım. Söz veriblər ki, geri qaytaracaqlar, əgər geri qaytarmayacaqlarsa imkan versinlər ki, arxivimin üzünü çıxarım. Bu arxiv mənim üçün çox dəyərlidir”.

Rauf Mirqədirovun hüquqları ilə bağlı müdafiə tədbirləri haqda danışan Elçin Şıxlı istintaqın işinə mane olmaq niyyətlərinin olmadığını da əlavə etdi: “Biz işin tez yekunlaşmasında maraqlıyıq. Bildiyiniz kimi Zəfər Quliyevi artıq dindiriblər. Mən də çağırılmağımı gözləyirəm. Raufun vəkili var və onun hüquqlarının müdafiəsiylə məşğul olur. ABŞ Dövlət Departamenti, Böyük Britaniya Xarici İşlər Nazirliyi, Ukrayna Jurnalistlər Birliyi məsələyə münasiblərini bildiriblər. Düşünürəm ki, əlimizə plakat alıb küçəyə çıxmaq hələ tezdir. İstintaqın işinə maneçilik törətmək istəmirik. Mən 100 yox e, 1000 faiz əminəm ki, Rauf günahsızdır. Əgər görsək ki, Raufun etmədiyi işi zorla boynuna qoymaq istəyirlər, o zaman daha çevik addımlar haqda düşünəcəyik”.

Rauf Mirqədirova Cinayət Məcəlləsinin 274-cü (“Dövlətə xəyanət”) maddəsi ilə cinayət işi açılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 855
avatar

Oxşar yazılar