Gənc yazar Əhməd Şahidovun yeni romanının imza günü baş tutmayıb. Musavat.com-un məlumatına görə, bu barədə müəllifin özü “Facebook” sosial şəbəkəsindəki səhifəsində yazıb. Onun yazdığına görə, tədbirə neçə gündür böyük həvəslə hazırlaşıb, plakatlar hazırladıb, qonaqlar dəvət edib. Lakin son anda “Park Bulvar” ticarət mərkəzi imza gününün keçirilməsinə icazə verməyib. Əhməd Şahidov ticarət mərkəzinin rəhbərliyi ilə imtinanın səbəblərini aydınlaşdırmağa çalışsa da, heç bir izah verilməyib.
“Mən əvvəlcə “Park Bulvar”da yerləşən “Əli və Nino” kitabxanasına müraciət etdim. Mənə bildirdilər ki, iki gün gözləyin, gərək “Park Bulvar”dan icazə alaq. Keçən il də həmin məkanda imza günü keçirdiyimdən, bu dəfə də baş tutacağına əmin idim. Bütün dostlarıma, tanışlarıma dəvətnamə göndərmişdim. Bir sözlə, ciddi hazırlaşmışdım. Həm də indiyə qədər “Park Bulvar”da kitab təqdimatı keçirmək istəyənlərin hamısına müsbət cavab verilmişdi”.
İki gün sonra “Əli və Nino” kitabxanasından Əhməd Şahidova zəng ediblər və bildiriblər ki, “Park Bulvar” tədbirin keçirilməsinə icazə vermir. Kitabxananın rəhbəri Nigar Köçərli “Park Bulvar”ın PR meneceri Günay Malikqızına yazıb və sonuncu yox cavabı verib: “Açığını desəm, bu xəbərdən çox pis oldum və dostlarım vasitəsilə Günay Malikqızıdan bunun səbəbini öyrənməyə çalışdım. Lakin Günay xanım bildirdi ki, onlara müraciət edilməyib. Soruşdum ki, “Günay xanım, müraciət olunsa, razılıq verəcəksinizmi?”. Cavabı qəribə oldu: bu haqda qərarı mənə yox, Nigar Köçərliyə çatdıracaqmış”.
Əhməd Şahidov ölkəni tərk etdiyini də bildirib: “Bakıda çox qala bilmədiyimdən bilet aldım. Bir neçə saatdan sonra ölkəni tərk edirəm. Geriyə bilet almamışam. Hara getdiyimi demirəm. “Əhməd haradadır?” filmində deyildiyi kimi, ayağım hara, başım da ora. Allah böyükdür!”.