Məhkəmə-Hüquq Şurasının (MŞH) növbəti iclası keçirilib. MHŞ-dan Lent.az-a verilən məlumata görə, ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə keçirilən iclasda qeyd edilib ki, məhkəmə hakimiyyətinin özünüidarə funksiyalarının daha da genişləndirilməsi, hakimlərin müstəqilliyinin təmin olunmasının gücləndirilməsi, o cümlədən onların fəaliyyətinə kənar müdaxilələrin qarşısının alınması mexanizmlərinin müəyyən edilməsi məqsədilə Şura tərəfindən təhlillər aparılıb.
İclasda hakimlər barədə intizam icraatlarına baxılıb. Vətəndaşların hüquqlarının həyata keçirilməsinə süni maneələr törətməklə korrupsiya şərait yaratdıqlarına, süründürməçilik və digər qanun pozuntularına yol verdiklərinə görə Goranboy rayon məhkəməsinin sədri Vidadi Nəsirovun, Gəncə inzibati-iqtisadi məhkəməsinin hakimləri Cavad İbrahimov və Rafiq Məmmədovun tutduqları vəzifədən azad olunması barədə qərarlar qəbul olunub.
Gəncə hərbi məhkəməsinin hakimi Vaqif Qədirovun səlahiyyətlərinə vaxtından əvvəl xitam verilib, Şəki rayon məhkəməsinin hakimi Kamran Süleymanova irad tutulub.