Bu gün Müsavat Partiyasının qərargahında eks-prezident Əbülfəz Elçibəyin 75 illik yubileyi münasibətilə tədbir keçirilib.
APA-nın məlumatına görə, tədbirdə İctimai Palata rəhbərliyi, siyasi partiya və təşkilatlar, Elçibəyin yaxınları iştirak edib.
Müsavat Partiyasının başqanı İsa Qəmbər bildirib ki, Əbülfəz Elçibəyin 75 illik yubileyi münasibətilə silsilə tədbirlər davam edir. O qeyd edib ki, Elçibəyin yubileyi yüksək səviyyədə qeyd edilməlidir: “Çünki gənc nəsil Elçibəyi tanımalı və dəyərləndirməlidir. Yerindən duran Elçibəy haqqında danışır. Onun barəsində pafoslu yox, olduğu kimi danışılmalıdır. Həqiqətləri möhkəmlətmək və gənc nəslə çatdırmaq üçün kitablar, məqalələr yazılmalıdır”.
KXCP sədri Mirmahmud Mirəlioğlu da Elçibəyi böyük insan kimi qiymətləndirib: “Mən həmişə Elçibəyə atamın sağlığında belə “mənəvi atam” deyə müraciət etmişəm. O, bizim üçün bütün mənalarda əvəzsiz insan olub”.
İctimai Palata Koordinasiya Şurasının üzvü, Pənah Hüseyn, Müsavat Partiyasının komissiya sədri Rafiq İsmayılov və tədbirin digər iştirakçıları da Elçibəy barədə xatirələrini bölüşüblər.