Dövlət Yol Polisi tərəfindən müntəzəm olaraq yol-nəqliyyat hadisələrinin qarşısının alınması məqsədilə profilaktiki tədbirlərin keçirilməsinə baxmayaraq, hələ də müəyyən olunmuş sürət həddini aşan, ötmə və manevr etmə qaydalarını pozan, hətta sərxoş vəziyyətə avtomobili idarə edən sürücülərə tez-tez rast gəlmək olur. Sözsüz ki, bu qayda pozmaları hər dəfə qəza ilə nəticələnmir. Amma qəzaların təhlilindən məlum olur ki, qəzanı törədən şəxs hadisəni törədənədək həmin qaydaları pozduğuna görə artıq bir neçə dəfə məsuliyyətə cəlb edilib.
Lakin çox vaxt qəza nəticəsində zərərçəkən təkcə təqsirkar tərəf olmur. Əfsuslar olsun ki, bəzən qəza zamanı heç bir qayda pozuntusuna yol verməyən hərəkət iştirakçısı daha çox zərər görür. Belə qəzaların qarşısını almaq çətin olsa da onun nəticələrini yüngülləşdirmək, insanları ciddi zədələrdən qorumaq üçün müəyyən tədbirlər görmək mümkündür.
Adətən toqquşma, insan reaksiyasının qəzanın qarşısını almağa yetərli olmaması və ya nəqliyyat vasitəsinin idarəolunmaz vəziyyətə düşməsi səbəbindən baş verir. Çox vaxt sürücülər düşdükləri qəza vəziyyətləri haqqında danışarkən deyirlər: «Nə lazımdırsa etdim, amma qəzadan qaça bilmədim». Bəli, qəza vəziyyətində əvvəlcə sürücünün diqqəti yalnız ona yönəlir ki, toqquşmadan yayınsın. Bu alınmadıqda isə o, özünü taleyin ixtiyarına buraxır. Halbuki həmin anda, qəzaya bir neçə saniyə qalanda vəziyyətdən minimum itkilərlə çıxmaq və insanları xilas etmək olar.
Əgər avtomobilin hər hansı maneəyə çarpması qarşısıalınmazdırsa, sürücü nə etməli, özünü necə aparmalıdır?
Mütəxəssislərin çoxillik təcrübəyə əsaslanan ümumi rəyi belədir ki, qəza obyektiv reallıqdır. Təbii ki, bu barədə fikirlər adamda qorxu hissi yaradır. Lakin təkcə qorxu hissi qəzanın qarşısını almağa yetərli deyil. Axı qəzanın başqa adamın günahı üzündən baş verməsi də mümkündür. Qorxu əslində vəziyyəti daha da ağırlaşdırır. Çünki sürücü qorxu içində olduqda, lazımi tədbirləri görə bilmir və düzgün qərar vermək qabiliyyətini itirir.
Bəzən «qorxu anı» anlayışından çox yazır və çox danışırlar. Bu zaman insan beynində bir növ «qısa qapanma» nəzərdə tutulur. Əlbəttə, hərəkət şəraiti qəflətən dəyişdikdə, insan qorxa bilər. Amma söhbət reaksiya müddətindən, yəni təhlükəni duyan andan tədbir görülənədək keçən vaxtdan, yəni təxminən 0,2-0,5 saniyədən gedir. Reaksiya müddəti böyük olanlar diqqətsiz və hazırlıqsız sürücülərdir. Bu kateqoriyadan olan sürücülərə alkoqol və narkotik maddələrin qəbulu nəticəsində sərxoş vəziyyətdə olan şəxslər də aiddir. Onlar hərəkət şəraitinə lazımi səviyyədə fikir vermir, ətraflarında cərəyan edən hadisələri nəzarətdə saxlamırlar. Yaxşı sürücünün reaksiya cəldliyi isə hər şeydən əvvəl onun diqqətinin, istənilən təsadüfə hər an hazır olmasının nəticəsidir. Əsas məsələ isə düzgün reaksiyadır. Bu, cəldlikdən daha vacib şərtdir.
Adətən gənclərdə reaksiyanın yaşlılara nisbətən daha yaxşı olmasını deyirlər. Amma 80 km/saat sürətlə gedərkən, yolda şüşə qırıntılarını görərək, dərhal qarşıdan gələn avtomobillərin hərəkət zolağına çıxan gənc sürücünün cəldliyi təqdir edilə bilməz. O, cəld hərəkət etsə də, səhv qərar verir. Çünki ən yaxşı halda zəif toqquşmadan sonra maşının təmirinə xərclənən pula heç olmasa 10-12 şin almaq olardı. Gənc sürücü isə təhlükəsizliyi deyil, məhz təkərlərinin deşiləcəyindən qorxduğu üçün yanlış qərar verir.
Qəzanın qarşısını almaq üçün çox şey etmək olar. Qaçılmaz qəzanı da «yüngülləşdirmək» mümkündür. Axı avtomobilin hərəkəti tətbiqi fizikanın qanunlarına əsaslanır. Tormozu basanda da, əyri xətt üzrə hərəkət edəndə də, təkərin yol örtüyü ilə sürtünmə qüvvəsini nəzərə alanda da həmin qanunları bilmək lazımdır.
Qəzaların ən ağır növü avtomobillərin frontal, yəni qarşı-qarşıya toqquşmasıdır. Çünki bu zaman hər iki avtomobilin sürəti və kinetik enerjisi cəmlənir. Belə hadisələr çox vaxt sürücülərin və sərnişinlərin ölümü ilə nəticələnir. Ona görə də qarşı-qarşıya toqquşmadan mümkün qədər qaçmaq məsləhətdir. Əgər toqquşmadan qaçmaq mümkün deyilsə, heç olmasa frontal zərbəni yan zərbə ilə əvəz etmək lazımdır. Amma bir məsələni də unutmaq olmaz ki, sürətli avtomobil yan hissəsi ilə ağaca dəydikdə, frontal toqquşmada olduğu kimi ciddi zədələr alır. Zərbə ortadan tutduqda, maşın bir növ ağacı «qucaqlayır», sərnişinlər sıxılır. Ona görə də ağaca qabaq və ya arxa qanadlarla dəymək daha təhlükəsizdir. Bu halda avtomobil fırlanır, lakin adətən ölüm halı olmur.
Əlbəttə, ən yaxşısı, ümumiyyətlə, toqquşmasız ötüşmək, yəni maşını yoldan çıxararaq, çöllüyə, boş sahəyə yönəltməkdir, sözsüz ki, buna şərait varsa. Bu halda avtomobildəki insanların həyatını xilas etmək mümkündür. Odur ki, çıxılmaz vəziyyətdə bütün iradəni toplayaraq yoldan boş sahəyə çıxmaq daha doğru qərar hesab edilə bilər.
Yol-nəqliyyat hadisələrində alınan xəsarətlərin xarakterini və potensial təhlükə istiqamətlərini təhlil edərkən statistik məlumatlar göstərib ki, toqquşmaların 75 faizi frontal, 12,5 faizi yandan və bir o qədər də arxadan dəyən zərbələrlə müşayiət olunur. Qeyd etdiyimiz kimi, ən təhlükəlisi frontal toqquşmadır. Araşdırmalara görə, avtomobillərin sürəti saatda 26 km-ə qədər olduqda, hadisə yalnız avtomobillərin zədələnməsi ilə nəticələnir. Sürət saatda 40 km-i keçəndə isə həm avtomobillər əzilir, həm də içərisindəki adamlar sükan çarxına, ön panelə, qabaq şüşəyə, salon detallarına dəyərək yaralanırlar. Unutmayın ki, saatda 50 km sürətlə gedən maşında əyləşmiş adamın kinetik enerjisi 3-cü mərtəbədən yıxılanla demək olar ki, eyni olur.
Ötən il ərzində respublikada baş vermiş yol-nəqliyyat qəzalarının 33,6 %-i, daha doğrusu 748-i nəqliyyat vasitələrinin toqquşması ilə nəticələnib. Bu qəzalarda 296 nəfər həlak olub, 1032 nəfər isə xəsarət alıb. Alınan xəsarətlərin xarakterinə gəldikdə isə, zədələrin 72 %-ni baş, 47 %-ni ayaq, 29 %-ni əl, 36 %-ni döş nahiyəsi və onurğa, 15 %-ni isə qarın və çanaq zədələri təşkil edib. Odur ki, əgər zərbə qaçılmazdırsa ilk növbədə başı qorumaq lazımdır. Çünki əl, ayaq, qabırğa sınıqlarının sağalması mümkündür, lakin boyun fəqərələrinin sınığı və ya başa dəyən güclü zərbə bəzən ölümcül ola bilir. Ona görə də hava yastığı olmayan avtomobildə sürücünün yanındakı sərnişin təhlükəsizlik kəmərini bağlayıbsa ayaqlarını möhkəmcə yerə dayamalı, sifətini isə əlləri ilə örtməlidir ki, zərbə zamanı qopan əşyalar onun sifətinə, yaxud gözlərinə xəsarət yetirməsin. Kəməri bağlamamış sərnişinin vəziyyəti isə daha ağır ola bilər. Çünki zərbə zamanı kəməri bağlı olan sərnişini kəmər saxladığı üçün o üzünü tuta bilir və qabaq şüşəyə çırpılmaması üçün onu kəmər saxlayır. lakin kəmərsiz sərnişin üzünü tutduğu halda əlləri ilə qabaq panelə dayaq verə bilmədiyinə görə daha ağır xəsarət almağa məhkum olur.
Təəssüf ki, arxada oturan və kəməri bağlamayan sərnişinlər heç nəyə dayaq verə bilmirlər. Qabaq oturacaqların söykənəcəkləri etibarsız dayaq olduğundan, onlar üçün ən uyğun vəziyyət böyrü üstə uzanaraq ayaqları qarına tərəf yığmaq və başı qolları arasına almaqdır.
Təhlükəli qəzalardan biri də arxadan gözlənilməz zərbədir. Belə zərbə zamanı hazırlıqsız adamın başı geriyə kəskin hərəkət edir ki, bu da yenə boyun fəqərələrinin sınmasına gətirib çıxara bilər. Təbii ki, arxadan zərbəni proqnozlaşdırmaq çətin məsələdir. Lakin buna imkan varsa və ya arxadan kəskin tormozlama səsi eşidilərsə başı və boyunu söykənəcəyə möhkəm sıxmaq, ayaqları döşəməyə və ya irəlidəki söykənəcəyə dirəmək, mümkündürsə, peysəri əllə bərk tutmaq lazımdır.
Qeyd olunan bütün hallarda bədəni boşaltmaq olmaz. Əksinə, əzələləri gəriltmək və bütün qüvvələri səfərbər etmək zəruridir.
Bəzən təhlükəli vəziyyətdə adamlar maşının qapısını açaraq, tullanmağa cəhd göstərirlər. Belə də etmək lazım deyil. Çünki faciə baş verə bilər. Adətən tullanan adam ya təkərin altına düşür, ya da çevrilən avtomobil onu əzir. Ən yaxşısı, düzgün vəziyyət alaraq yerində qalmaqdır.
Bir məsələni də qeyd edək ki, uzun müddət istismarda olan köhnə modelli «VAZ» markalı avtomobillərin iştirakı ilə yol-nəqliyyat hadisələri baş verdikdə qəzalarda insanların xəsarət alma ehtimalı daha böyükdür. Belə ki, istismar müddətini keçmiş belə avtomobillərin banı və digər texniki detalları qəzalar zamanı insanları xəsarət almaqdan qorumaq əvəzinə, əksinə insan üçün əməlli-başlı təhlükəyə çevrilir. Bunun səbəbi odur ki, möhkəmliyini itirmiş detallar zərbədən asanlıqla deformasiyaya uğrayır və insanlara xəsarət yetirir. Belə qəzalara xeyli misallar gətirmək olar.
Odur ki, gəlin hamılıqla yol hərəkəti qaydalarına həmişə riayət edək ki, nə qəzaya düşmək kimsəyə qismət olsun, nə də qəza zamanı özünü müdafiə etmək.
Kamran Əliyev,
DİN Baş DYPİ-nin şöbə rəisi, polis polkovniki