Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin vəzifəli şəxsinə rüşvət təklif edilməsi barədə həmin qurumdan daxil olmuş məlumat Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində araşdırılıb. Baş Prokurorluğun mətbuat xidmətindən Lent.az-a daxil olan məlumata görə, müəyyən edilib ki, Cəlilabad rayon sakinləri Dövlətov Nurəddin Novruz oğlu və onun qardaşı oğlu Dövlətov Seyfəddin Firudin oğlu Dövlət Sərhəd Xidmətinin İstintaq və təhqiqat idarəsində sonuncuların yaxın qohumları olan Mərdalıyev Faiq Həsənağa oğlu, Dövlətov Zülfüqar Firudin oğlu və Mərdalıyev Əflatun Həsənağa oğlunun 8 yanvar 2013-cü il tarixdə DSX-nın “Göytəpə” Sərhəd Dəstəsinin Cəlilabad rayonunun Əsədli kəndində yerləşən sərhəd zastavasının xidməti ərazisində külli miqdarda narkotik vasitə olan 20 kq 150 qr heroin və 5 kq tiryəki şəxsiyyəti istintaqa məlum olmayan İran vətəndaşları ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında satış məqsədi ilə İran İslam Respublikasından Azərbaycan Respublikasının ərazisinə qaçaqmalçılıq yolu ilə keçirmələri ilə bağlı barələrində Cinayət Məcəlləsinin 206.3.2 (qaçaqmalçılıq), 234.1, 234.4.3 (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ibtidai istintaqı aparılan cinayət işi üzrə Z.Dövlətovun və Ə.Mərdalıyevin məsuliyyətdən kənarlaşdırılmasından ötrü işin istintaqını aparan şəxsə rüşvət təklif edib.
İstintaq aparan şəxs Nurəddin və Seyfəddin Dövlətovların qanunsuz əməlləri barədə DSX-nın rəhbərliyinə məlumat verib və həmin məlumat aidiyyəti üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinə göndərilib. 22 yanvar 2013-cü il tarixdə istintaq-əməliyyat qrupu tərəfindən keçirilmiş əməliyyat tədbiri nəticəsində Nurəddin və Seyfəddin Dövlətovlar DSX-nın inzibati binasında cinayət işinin istintaqını aparan şəxsə 35.0 min ABŞ dolları məbləğində rüşvət təklif edərkən cinayət başında yaxalanıb. Baxış zamanı xidməti otaqdan Nurəddin və Seyfəddin Dövlətovların rüşvət olaraq təklif etdikləri 35.0 min ABŞ dolları aşkar edilərək götürülüb.
Hər iki şəxs Cinayət Məcəlləsinin 312.1-ci (rüşvət vermə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.