DSMF-nin rayon şöbələrinin fəaliyyəti avtomatlaşdırılır
28 fevral 2013 15:52 (UTC +04:00)

DSMF-nin rayon şöbələrinin fəaliyyəti avtomatlaşdırılır

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Xəzər rayon şöbəsinin yeni inzibati binası istifadəyə verilib.

 

DSMF-nin İctimaiyyətlə əlaqələr sektorundan Lent.az-a verilən məlumata görə, tədbirdə çıxış edən DSMF-nin sədri Səlim Müslümov bildirib ki, qısa müddət ərzində Fondun  maddi-texniki bazası tamamilə yenidən qurulub, müasir standartlara cavab verən avtomatlaşdırılmış iş yerləri yaradılıb. Onun sözlərinə görə, sığorta-pensiya sisteminin idarə olunmasını avtomatlaşdırmaq üçün Fondun 3 departamenti və 82 rayon (şəhər) şöbəsindən 77 şöbə yeni müasir ofis binaları ilə təmin edilib. Bununla yanaşı, 85 yerli şöbənin lokal şəbəkələri mərkəzi informasiya bazasına birləşdirilərək Fondun korporativ şəbəkəsi formalaşdırılıb.

Səlim Müslümov DSMF-nin rayon şöbələrinin fəaliyyətinin avtomatlaşdırılmasının, pensiya təyinatında bu ildən etibarən tətbiq olunacaq yeniliklərə keçmək üçün hərtərəfli imkan yaratdığını bildirib: “Fondda qeydiyyatda olan 1 milyon 272 min 136 nəfər əmək pensiyaçısının və 2 milyon 360 mindən artıq sığortaolunanların  özlərinə aid istənilən məlumatı internet sistemi vasitəsilə dərhal əldə edə bilməsi üçün ölkə əhalisinin 40%-ə qədərini əhatə edən ümumi məlumat bazası elektron hökumət portalına yerləşdirilib. Son dövrlər sistemdə əhaliyə göstərilən elektron xidmətlərin əhatə dairəsi genişləndirilərək, bu xidmətlərin sayı 25-ə çatdırılıb. Bütün bu tədbirlər bizim əsas hədəfimiz olan avtomatlaşdırılmış pensiya təyinatına keçidin reallaşmasına imkan verir və bu ilin kinici yarısından etibarən bu prosesə başlamağı proqnozlaşdırırıq”.

 

DSMF-nin Xəzər rayon şöbəsinin müasir standartlar əsasında inşa edilmiş yeni inzibati binasında əhaliyə yüksək səviyyədə xidmət göstərilməsi üçün hər cür şərait yaradıldığını bildirən Səlim Müslümov şöbənin işçilərinə sosial sığorta sahəsində fəaliyyətin daha da gücləndirilməsi, bütün çalışanların sosial sığortaya cəlb edilməsinin təmin olunması üçün müvafiq tapşırıqlar verib.  Binanın açılışını bildirən rəmzi qırmızı lent kəsildikdən sonra tədbir iştirakçıları burada yaradılan şəraitlə tanış olublar. Bildirilib ki, binada rayon ərazisində qeydiyyatda olan 18 295 əmək pensiyaçısına, o cümlədən sığortaedən və sığorta olunanlara xidmət göstərmək üçün hər cür şərait yaradılıb.  Yaradılan müasir infrastruktur bütün əməliyyatların avtomatlaşdırılmış şəkildə icrasına imkan verir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1015
avatar

Oxşar yazılar