Xəbər verdiyimiz kimi, 2018-ci ilin 21 iyun tarixində saat 02:45 radələrində Dövlət Sərhəd Xidmətinin sərhəd qoşunlarının Göytəpə sərhəd dəstəsinin Cəlilabad rayonunun Bayxanlı kəndinin yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində dövlət sərhədinin pozulmasına cəhd edilib.
Qurumdan Lent.az-a verilən məlumata görə, sərhəd naryadı tərəfindən İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində silahlı şəxslərin hərəkəti aşkar olunub və qarşısı alınıb.
Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsində olan sərhəd naryadının qanuni tələbinə və xəbərdarlıq atəşinə tabe olmayan sərhəd pozucuları tərəfindən sərhəd naryadına qarşı silah tətbiq edilib. Baş vermiş hadisə zamanı sərhəd naryadının başçısı Balakən rayonundan həqiqi hərbi xidmətə çağırılmış əsgər Kurupov Ramazan Məmməd oğlu döş qəfəsi, əl və ayaq nahiyələrindən güllə yaraları alıb. Dövlət sərhədini pozmağa müvəffəq ola bilməyən sərhəd pozucuları geri qaçıblar.
Əsgər R.Kurupov digər sərhəd naryadı tərəfindən ilkin tibbi yardım göstərildikdən sonra təcili olaraq Cəlilabad rayon mərkəzi xəstəxanasına təxliyə edilmişdir. Xəstəxananın və DSX hərbi hospitalının hadisə ilə əlaqədar Cəlilabad rayonuna ezam olunmuş həkimləri tərəfindən əsgər təcili əməliyyat olunub. Hadisədən dərhal sonra Dövlət Sərhəd Xidmətinin rəisi general polkovnik Elçin Quliyev və digər rəhbər vəzifəli şəxslər əraziyə gəlmiş, hadisə yerinə baxış keçirib, əməliyyat-axtarış tədbirlərinin davam etdirilməsinə dair zəruri tapşırıqlar verib.
Dövlət Sərhəd Xidmətinin rəhbər heyəti, Cəlilabad rayon icra hakimiyyətinin başçısı, yerli hüquq-mühafizə orqanlarının rəhbərləri Cəlilabad rayon mərkəzi xəstəxanasında əsgər R.Kurupova baş çəkib, səhhətinin vəziyyəti ilə maraqlanıblar.
Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev sərhədçi əsgəri təcili əməliyyat edərək onun həyatını xilas etmiş tibb heyətinə, həmçinin əsgərin əməliyyatı üçün qan vermiş DİN-in Cəlilabad rayon şöbəsinin əməkdaşlarına dərin minnətdarlığını bildirib.
Dövlət Sərhəd Xidməti rəisinin əmri ilə əsgər Kurupov Ramazan Məmməd oğlu xidməti vəzifələrinin icrasında göstərdiyi şücaətə görə “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı ilə təltif olunub.
Hadisə ilə əlaqədar zəruri tədbirlər həyata keçirilir. Fakt üzrə Hərbi Prokurorluq tərəfindən cinayət işi başlanılıb.